Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI RAYONUNUN İQTİSADİ-MƏDƏNİ İNKİŞAFI VƏ TƏBİİ-COĞRAFİ MÖVQEYİNİN QISA İCMALI

0







  • Azərbaycan Respublikasının 26
    noyabr 1991-ci il (№279-XII) Qanunu ilə yaradılmış Xocalı rayonu, 1930-1978-ci
    illərdə Xankəndi rayonunun, 1978-1991-ci illərdə isə Əsgəran rayonu­nun
    tərkibində olmuşdur. Azərbaycan Respublikasının Xocalı rayonunun mərkəzi Xocalı
    şəhəridir. Xocalı şəhəri Yuxarı Qara­bağın dağlıq hissəsində, Şuşa şəhərindən 18 km, Xankəndindən 12 km şimal-şərqdə, üç çayın
    – Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun
    üstündə, Xankəndi və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi
    əhatə olunmuş Qarabağ dağ (Kiçik Qafqazın Kirs və Qırxqız dağları) silsiləsində
    yerləşir. Ümumilikdə, Xocalı rayonu Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal
    şərq yama­cın­dadır. Xocalı yaşayış məntəqəsi Xocalı nəslinə mənsub ailələr
    saldığı üçün belə adlandırılmışdır. Xocalı adına Azərbaycanın digər ərazi­lərində
    də, rast gəlmək mümkündür. Belə ki, Salyan rayonu ərazi­sində kənd, Xocavənd
    rayonu ərazisində çay, Fizuli rayonu ərazi­sində dağ adları Xocalı adını
    daşıyır [2, s.248]. Qırxqız dağından (hündürlüyü 2827 m.) Ağdama, Xankəndidən
    Boz­dağa, Meydandan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və
    otlaq sahələri xocalıların ulu babalarının yurd yerləri olub. 2006-cı il 1
    yanvar məlumatına görə Xocalı rayo­nunun sahəsi 936 kvadrat kilometr, əhalisi
    25 min nəfər olmuşdu [1, s. 859].

    Xocalı rayonuna – Xocalı
    şəhəri, Əsgəran qəsəbəsi, Xocalı, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, ballıca, Xanyurdu, Meh­di­­bəy­li,
    Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, badara,
    Xan­yeri, Suncin­ka, Qarabulaq, dəmirçilər,
    Mədədkənd, Quşçubaba, Qızıloba, Haç­maç, Aşağı Yemişcan, Cəmilli, Kosalar,
    Başkənd, Cavadlar, Yalo­bakənd, Canhəsən, Naxçıvanlı, Daşkənd, Mux­tarkənd, şuşakənd, Sığnaq, Çanaxçı, Daşbaşı,
    Fərrux, Pirlər, Qarakötük, Almalı, Aşağı Qılıncbağ, Ağgədik, Xanabad, Şəlvə, qışlaq, Sərdarkənd, təzəbinə, Dəhrəz, Ağbulaq, Aranzəmin,
    Pircamal kəndləri daxildir.

    Xocalı rayonunun relyefi,
    əsasən dağlıq, mərkəzi hissədə isə düzənlikdir. Düzənlik hissədə Xankəndi
    çökəkliyi, dağlıq hissədə Qızqala (2843 m) və Qırxqız (2827 m) dağları yerləşir.
    Ərazidə Yura, Tabaşir, dağətəyi çökəkliklərdə və dağətəyi düzənliklərdə
    Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisində gil, qum, çınqıl, gillicə,
    mərmər və digər faydalı qazıntı yataqları var. Rayonun yüksək əraziləri istisna
    olmaqla, iqlimi mülayim istidir. Orta tem­peratur yanvarda – 0-2 selsi, iyulda
    +20 +22 selsi dərəcədir. İllik yağıntının miqdarı 600-800 milli metrdir.
    Qarqar, Badara, İlis, Xocalı çayları rayon ərazi­sindən keçir. Rayonda əsasən
    dağ-meşə, dağ-çəmən torpaqları yayılmışdır. Meşələri vələs, palıd, fıstıq, çökə,
    ağcaqayın, göyrüş, qarağac və digər ağaclarla zəngindir. Rayonun yüksək dağlıq
    sahələrində subalp və alp çəmənlikləri yayılmışdır. Ərazinin 40 faizi
    meşələrdən ibarətdir. Ərazidə ayı, qaban, vaşaq, canavar, meşə pişiyi, tülkü,
    dovşan, cüyür, dağkeçisi və digər hey­vanlar, kəklik, turac, qırqovul,
    göyərçin, qartal, quzğun və başqa quş­lar yaşayır. Çox təəssüflər olsun ki,
    rayonun erməni vandalları tərəfindən işğalı ilə faydalı qazıntılar qəddarcasına
    mənimsənilir, nəsli kəsil­məkdə olan heyvanlar, ovlanır, adı qırmızı kitaba
    düşən nadir ağaclar doğranaraq Ermənistana daşınır.

    Xocalı, əsasən kənd
    təsərrüfatı rayonudur. Rayonda hey­van­dar­lıq, üzüm­çülük, taxılçılıq,
    tərəvəzçilik, meyvəçilik inkişaf etmişdir. Burada dənli və dənli-paxlalı
    bitkilər (buğda, arpa və s.), tərəvəz, kartof, yem bitkiləri əkilirdi.
    Təsərrüfatlarda üzüm, meyvə yetişdi­rilir, əhali quşçuluq və baramaçılıqla
    məşğul olurdu. Rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yara­dı­cılıq
    mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana,
    mərkəzi rayon xəstəxanası, 13 tibb müəssisəsi var idi [1, 859]. Bu gün, xal­qımızın
    zəhməti ilə dövlətimizin böyük maliyyə vəsaiti hesabına yaradılmış nəhəng
    infrastruktur erməni vandalizminin qurbanına çevrilmişdir. Azərbaycanın qədim
    tarixə malik Xocalı ərazisi, Şuşa­dan sonra ermənilərin müxtəlif ərazilərdən
    köçürülərək məskun­laşdıqları kəndlərin əhatəsində yerləşən ən böyük və qədim
    türk yaşayış məskəni olmuşdur.

    Azərbaycanın qədim yaşayış
    məskəni olması, azərbaycan­lıların bölgədə say üstünlüyü ilə yaşaması, mühüm
    çayların ərazidən ax­ması, Dağlıq Qarabağın yeganə hava limanının məhz burada
    yer­ləşməsi, Arandan Dağlara gedən köç sürülərinin Xocalıdan keçməsi, rayonun
    Əsgəranla Xankəndi arasında yerləş­məsi Xocalının strateji əhəmiyyətini
    artırmış və mənfur siyasət sahiblərinin diqqətindən yayınmamışdır. Bütün
    bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti “dənizdən-dənizə Böyük Ermənistan”
    yaratmaq olmuşdur ki, Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a
    maneə olurdu. Məhz bütün bunlara görə, erməni van­dalları Xocalı şəhərində
    tarixdə misli görün­məmiş soyqırımı törət­dilər. Qədim türk diyarını dünya
    xəritəsindən silmək məqsədilə xalqımızın başına müsibətlər gətirildi. Şəhər
    yerlə yeksan edildi, 700-ə yaxın azərbaycanlı ağır işgəncələrlə öldürüldü,
    Xocalı əhalisi qaçqınlıq, köçkünlük, didərginlik həyatını yaşamalı oldu.

    Xocalı Azərbaycanın qədim
    yaşayış məskənidir. Ərazinin əl­verişli təbii coğrafi şəraitə malik olması uzun
    bir dövrdə ulu əc­dadlarımızın burada düşərgə salmasına, yaşamasına imkan yarat­mışdır.
    Ərazidə aparılan arxeoloji tədqiqat işləri nəticəsində son Tunc və ilk Dəmir
    dövrünə (e.ə. XIII-VII əsrlərə) aid arxeoloji abidə Nekropol, Daş qutu və
    kurqanlar, 1356-1357-ci illərə aid Dairəvi Türbə, XIX əsrə aid memarlıq
    abidələri, “Xocalı Qəbiristanı” və oradakı müxtəlif tipli saxsı qablar,
    silahlar, qızıl və tuncdan ha­zır­lanmış bəzək əşyaları, tunc alətlər və digər
    qədim maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, bütün bunlar ulu
    əcdadlarımızın Xocalı ərazisində qədimdən yaşadığını sübut edir [10, s.61].

    Yeri gəlmişkən onu da qeyd
    edək ki, Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə
    təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler,
    rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje
    buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapıl­mış
    eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə apar­mışlar.
    Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri
    böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanın gör­kəmli alimi­nin qənaətinə görə
    Xocalı abidələri bütün Azərbaycan abidə­lərini öyrənmək üçün açar rolunu
    oynayır. Ümummilli lide­rimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci
    illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid
    28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəticəsində tunc dövrünə aid 8
    kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid
    9 məbəd, IX-XVIII əsrlərə aid 5
    qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar
    Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox
    təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordu­sunun birləşmiş
    qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr
    toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.

    Xocalının
    gözəl təbii və coğrafi şəraiti - bol sulu çaylarının, buz bulaqla­rının, əkin
    üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq sahələrinin zəngin
    flora və faunasının, bir sözlə, həyat üçün lazım olan bütün təbii şəraitinin
    olması ərazidə qədimdən ulu əcdadlarımızın məskən salmasına səbəb olmuş,
    minilliklər boyunca bu ərazidə əcdadlarımız qurub yaratmışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına məxsus olan tarix
    və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı
    abidələr kompleksi
    bizə ulu əcdadlarımızdan, babaları­mız­dan miras qalmış yadigardır. Bu abidələr
    qədim ulu tariximizin canlı nümunə­lə­ridir.
    Xocalı ərazisindəki son tunc, erkən dəmir dövrünə aid edilən 5 adda 11 nəhəng kurqan, torpaq
    və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən yastı torpaq
    kurqanlar ərazidə yaşayan qədim türk tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər
    boyunca salınan möhtəşəm abidələrdir. Xocalı ərazisindəki e.ə. VIII-Vıı əsrlərə aid olan abidələr əsasən daş
    qutu qəbirlərdən, daş sənduqələrdən, daş kitabələrdən, nekro­poldan, daş siklop
    tikililərdən-qalaçalardan, 5-10 ton ağırlığında sivri yonulmuş bir neçə metr
    hündürlükdə olan heykələbənzər daş abidələrdən – menhirlərdən, dairəvi düzülmüş
    bir neçə dik və onların üzərinə qoyulmuş köndələn daşdan – kromlexlərdən
    ibarətdir.

    Xocalı
    ərazisində – Qarqar çayının sol sahilində Fərəcanlı adla­nan böyük bir sahədə,
    tarixi mənbələrə əsasən qədimdə mövcud ol­muş, lakin naməlum səbəbdən batmış,
    torpaq altında qalmış Fərəcan şəhəri olmuşdur. Məlumatlı yerli sakinlərin
    sözlərinə görə indiki Laçın rayonunun inzibati ərazisinə daxil olan, Kirs
    dağının ətəyində yerləşən Fərəcanlı kəndinin əhalisi vaxtilə məhz buradan
    köçmüş insanlar olmuşdur. Belə ki, Xocalı ərazisində salınmış Fərəcanlını “Aran
    Fərəcanlısı”, Laçın rayonunun inzibati ərazisinə aid olan Fərəcanlını isə “Dağ
    Fərəcanlısı” da adlandırmaq olar. Hətta işğala qədərki vaxtlaradək Laçının
    Fərəcanlı kəndinin camaatı Xocalı Fərəcanlısının mövcud olduğu yerləri ziyarət
    edərək öz ata- babalarının ruhlarını yad etmişlər. Həmçinin sonrakı dövrlərdə
    həmin ərazidən keçən dəmir yol xəttinin inşası zamanı torpağın altından çoxlu
    sayda qızıl küpləri və digər qiymətli əşyaların çıxması oranın qədim yaşayış
    məskəni olmasının sübutudur. Həmin vaxt qeyd olunan ərazidən o qədər qızıl və
    digər qiymətli əşyalar çıxmışdır ki, dəmir yolunun çəkilişinə çəkilmiş xərclər
    burdan əldə edilmiş vəsaitin hesabına ödənilmişdir. Bundan başqa, Xocalı və
    İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan 1-2 km yuxarıda çox böyük bir ərazini
    tutan Uzərliktəpə kurqanı yer­ləşir. Xocalı ərazisində ulu baba­la­rımızın tanıdığı və yaşayıb
    yaratdıqları kənd, Xocalıdan 10-12
    km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və
    İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı-Qışlaq adlanan kənd olmuşdur.
    Bu kənd Xocalıda ən qədim kənd olmuşdur. Kən­din yaxınlığında ulu əcdad­larımızın
    uyuduğu, yaşı 3500-4000 il olan qədim qəbiristanlıq var idi. Burada daşdan
    yonulmuş yazısız abidələr - qoç, öküz, bay­quş, yəhər, nəhrə və digər şəkilli
    abidələr də olmuşdur (Bun­ların çoxu ermənilər tərəfindən oğurlan­mış, məhv
    edilmişdir). Kənd əha­lisinin adı Qarabağ xanən­dələrinin və şairlərinin dilin­dən
    heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla örtülü olan Qırxqız
    dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini tutan yay­laq yerləri
    var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürülərini yay aylarında yaylaqda (Meydan­da) payız, qış mövsümünü isə Qışlaqda keçirərdi. Meydanda hər
    bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri var idi.

    Beləliklə,
    Qədim Xocalı kəndi – Qışlaq kəndi Daşbulaq kəndi­nin yaxınlı­ğından
    İlis çayının
    mənbəyinə doğru, Sarıqaya Kurqanının sağ yamaclarına qədər geniş bir ərazidə
    yerləşirdi. Bu yerlər sonralar ermənilər tərəfindən
    vəhşicəsinə mənim­sənilsə də, dədə-baba­la­rı­mıza – Azərbaycan türklərinə
    məxsus olan bəzi qəbirlər və bəy baba­ları­mızın nəhəng evlərinin qalıq­ları
    son zamanlaradək həmin yurd yerlərimizdə dururdu.

    XIX
    əsrin əvvəllərində Azərbaycan torpaqları bölüşdürül­dük­dən – bədnam 1813-cü il
    Gülüstan, 1828-ci il Türkmənçay müqa­vi­lələrindən və 1828-1832-ci illərdə
    rus-türk müharibə­lə­rindən sonra ruslar tərəfindən Azərbaycana, onun dilbər
    guşə­lərindən biri olan Qarabağa köçürülən on minlərlə erməni ailəsinin böyük
    bir qismi Xocalıda yerləşdirilmişdir. Onlar Xocalı bəylərinin bərəkətli
    torpaqlarında – Noraguğ, Xanabad, Seyidbəyli, Şəlvə, Xındırıstan, Bəddərə,
    Daşbulaq, Mehdi­kənd, Sərdarkənd, Əsgəran, Naxçıvanik, Aranzəmin, Pircamal,
    Çanaq­çı, Ballıca, Xənəzək və digər kəndlərdə məskunlaşdırılmışdır. Tədqiqat­lardan
    məlum olur ki, bu kəndlərin hamısı keçmiş za­manlardan qədim Qışlaq kəndinin
    ətrafında salın­mış türk kənd­ləri, əhalisi də türk mənşəli olmuşdur. Ermənilər
    öz hava­darlarının köməkliyi ilə zaman-zaman Qarabağın digər yerlə­rində olduğu
    kimi, burada da ulu babalarımızın torpaqlarını mənim­səyərək özününküləşdirmiş,
    qədim tarix və mədəniyyət abidələrimizi dağıtmış, onların izini tariximizdən
    silməyə çalışmışlar.

    XX əsrin əvvəllərində Qarabağ ərazisində
    ermənilərin törət­dikləri kütləvi qırğınlar Xocalıların yaşadığı qədim Qışlaq kəndindən də yan keçməmişdir. Belə ki, 1905-1907-ci illərdə
    xocalıların qədim Qışlaq kəndi qismən, 1915-ci ildə isə tama­milə dağıdılıb
    yandırıl­mışdır. Sağ qalmış əhali o dövrdə kənd ağsaqqalı Səfiyar bəyin
    başçılığı ilə Qışlaqdan Şuşanın Malı­bəyli kəndinə pənah gətirmiş, orada bir
    neçə gün qaldıqdan sonra əhali Ağdamın Gülablı kəndinə köçərək həmin rayonun
    Tərnəgül və Kəngərli kəndlərində məskun­laşmışlar. Üç ilə yaxın bir müddətdə bu
    məskunlaşma davam etmiş və yerli əhali ilə qismən qaynayıb-qarışmışlar. Şimali
    Azərbaycanda Xalq Cüm­hu­riyyəti qurulduqdan sonra Əsgəran qalası yaxınlığında,
    silah­lanmış erməni daşnaklarına rəhbərlik edən Dəli Qəzərin dəstəsi, Osmanlı
    və Qafqaz İslam Ordusu tərəfindən darmadağın edil­dikdən sonra 1918-ci ilin
    iyul-avqust aylarında xocalılar yenidən Xocalıya qayıtmışlar. Lakin qədim
    Qışlaq kəndindən əsər-əlamət qalmadığını görən Xocalı əhalisi Səfiyar bəyin
    göstərişi ilə İlis və Xocalı çay­larının qovşağında əmələ gələn üçbucaqda yeni
    Xocalı kəndinin əsasını qoyurlar. Çünki, ermənilər sonralar Qışlaq kəndini və
    həmin kəndin yaxınlığındakı qədim qəbiris­tanlığı dağıdaraq yox etmiş, onların
    yerini əkin sahəsinə çevir­miş və həmin ərazidə “Sunçinka” adlanan donuzçuluq
    kom­pleksi salmışdılar. Ulu babalarımız tərəfin­dən salınmış bu kənd
    Yeni Xocalı adlandırılmışdır.

    1920-ci
    il aprel işğalından sonra Qarabağdakı torpaqları­mızın bir hissəsi yenidən
    erməni kəndlərinə (Noraguğ, Daşbu­lağ, Əsgəran, Mehdikənd, Harov, Kətik,
    Naxçıvanik, Badara və ş.) verilərək Xoca­lının ərazisi süni surətdə yenidən kiçilmişdir. Beləliklə, Xocalı Yu­xarı Qarabağda böyük bir
    ərazinin adıdır. Bu ərazidə olan bütün tarix və mədəniyyət abidələri müxtəlif
    tipli olmaqla müxtəlif dövrlərə aiddir. Ərazinin nə vaxtdan Xocalı
    adlandırılması məlum deyil. Xoca­lıda tapılan qiymətli əşyalar, o cümlədən əqiq
    muncuqlar – üzərində mixi yazı ilə Assuriya hökmdarları Adadnerarinin (e.ə.
    VIII-VII əsr) adı yazılmış əqiq muncuq, şirli qablar, silindr şəkilli möhürlər,
    müxtəlif qızıl məmulatları, sədəfdən, fil sümüyündən hazır­lanmış zinət
    əşyaları, molyuskların çanaqları və s. göstərir ki, hələ qədim dövrdə Xocalıda
    yaşayan əcdadlarımız ətraf aləmdən təcrid edilmiş halda deyil, Yaxın Şərq və Ön
    Asiya ölkələri ilə ticarət əlaqələrində olmuşlar. Xocalıda olan qədim tarix və
    mədəniyyət abidələrinin böyük əksəriyyəti dəfn abidələri olub son tunc, erkən
    dəmir dövründə yaşayan əcdadlarımızın dini və axirət dünyasına olan baxışlarını
    ifadə edir. Bu abidələr, həmin dövrdə yaşayan bəşər övladının həyat tərzini,
    məşğuliyyətini, ictimai dünyagörüşünü əks etdirir.

    Xocalı abidələri dini mərasimlər,
    ayinlər, ibtidai memarlıq və incəsənət, təsərrüfat və sənətkarlıq sahələri
    haqqında qiymətli mənbədir. Xocalı abidələr kompleksi Qarabağda mövcud olan
    qədim abidələr silsiləsində özünəməxsus yer tutur. Xocalıya, burada olan qədim
    qəbiristanlıqlara, daş ibadətgahlara, övliya­lara, müqəddəs sayı­lan
    insanların, görkəmli şəxsiyyətlərin, din xadimlərinin dəfn olunduğu yerlərə
    müqəddəs ocaqlara, ziya­rət­gahlara, müxtəlif tarixi dövrlərdə yaşamış
    seyidlərin qəbir­lərinə görə müxtəlif tarixi dövrlərdə “müqəddəs yurd yeri”,
    kimi baxılmışdır.

    Apardığımız tədqiqatlardan
    məlum olur ki, orta əsr mənbə­lərində Xocalı ərazisi “Müqəddəs Yurd”, “Müqəddəs
    Qərb” adlan­dırılmışdır. Ona görə də ərazi­nin Xocalı adlandırılmasını
    birmənalı şəkildə belə şərh etmək olar. Xoca – türk sözü olub, türkdilli xalq­ların dilində “hörmətli”, “möhtəşəm” və
    “müqəd­dəs” şəxslərə deyi­lir. Buradakı “lı” şəkilçisi el, oba, yer, yurd,
    məkan mənasını ifadə edən mən­su­biyyəti bildirir. Odur ki, bütün bunları
    nəzərə alaraq deyə bilərik ki, Xocalı – müqəddəslərin uyuduğu diyar, müqəddəs yurd, mə­kan,
    yer mənasını verir. Əfsuslar
    olsun ki, sovetlər dövründə Xocalıda aşkar olunmuş qiymətli maddi mədəniyyət
    nümunələrinin əksəriyyəti bir qayda olaraq öz muzeylərimizdə deyil, Moskva,
    Sankt-Peterburq, London, Paris, Drezden kimi şəhərlərin muzey­lərində (məsələn
    Moskva Dövlət Tarix Muzeyi, Ermitaj muzeyi və s.) saxlanı­laraq, başqa xalqlara
    məxsus incəsənət nümunələri kimi nüma­yiş etdirilmişdir.

    Çar Rusiyası tərəfindən
    Xocalıda (həmçinin Qarabağın bütün ərazisində) ilk siyahıyaalma 1886-cı ildə
    həyata keçiril­mişdir. Qafqaz canişinliyinin Mülki İşləri Üzrə Baş İdarəsinin
    Zaqafqaziya Statistika Komitəsinin 1886-cı ildə Zaqafqaziya diyarı üzrə, ailə
    sayına görə keçirdiyi siyahıyaalınmaya əsasən, Xocalıda – Qədim Qışlaq kəndində 34 tüstü (yəni ev – M.N.)
    olmuş və burada 192 nəfər (98-i kişi, 94-ü qadın olmaqla) yaşamışdır. Eyni zamanda, mənbədə göstərilir ki,
    bu əhalinin hamısı şiə məzhəbli tatarlardır, yəni – türklərdir. Siyahıya­alınmadan məlum olur ki, 9 bəy ailəsində 24 nəfər kişi, 22 nəfər qadın bəy (bəyim)
    olmuşdur. Bu kənddəki sahibkar (bəy) tor­paq­larında 28 ev, 146 nəfər (74 kişi,
    72 qadın) adam yaşamışdır.

    1893-cü
    ildə Tiflisdə nəşr edilən «Свод статических данных о
    населении Закавказского края извлеченных из поселенных списков» adlı kitabda da Xocalıda yaşayan ailələr
    haqqında, o cümlədən Xocalının 46 bəyi haqqında məlumat verilir.

    Təbiidir
    ki, Xocalının o zamankı 46 bəyi, “bəy” titulunu elə-belə qazan­mayıb. Onların
    kifayət qədər var-dövləti, ən əsası isə Yuxarı Qarabağda (sonralar Dağlıq
    Qarabağ adlanan ərazidə) geniş torpaq, otlaq və biçənək sahələri olub. Yuxarıda
    adıgedən mənbədə göstərilir ki, Malıbəyli kəndində 9 kişi, 4 qadın bəy (bəyim) olmuş­dur (cəmi 13 nəfər). Xocalıda Allahverdi bəyin, Qəhrəman bəyin,
    Şükür bəyin adlarını daşıyan bağ yerləri (əsasən tut bağları) bütün xocalılara
    yaxşı məlum idi. Sovetlər dövründə bu yerlərin (bağ yerlərinin) böyük bir
    hissəsi erməni kəndlərinin ərazisinə qatılıb mənimsənilmişdir.

    1921-ci il kənd təsərrüfatı
    siyahıyaalınmasında göstərilir ki, Malıbəyli kənd cəmiyyətinin tərkibində 6
    kənddən biri olan tatar (yəni türk) Xocalısında təsərrüfat sayı 70, burada
    yaşayan adamların sayı – kişilər 128, qadınlar – 190 olmaqla cəmi 318 nəfər olmuşdur.

    Qərbi
    Azərbaycanda yaşayan soydaşlarımız 1918-1920-ci illər­də Yerli Xocalı
    salındıqdan sonra, bu ərazilərə köçməyə məcbur edil­dilər.
    XX əsrin 20-ci və
    30-cu illərinin əvvəllərində, Ermənis­tanın (Qərbi Azərbaycanın) Dərələyəz
    mahalından de­por­tasiya edil­miş soydaşlarımız Xocalıya pənah gətirmiş və
    onlar Xocalı çayının sağ və Qarqar çayının sol sahilində, Çar Rusiyası dövründə
    “Poçt yeri” kimi tanınan ərazidə, Qaçqınlar Xocalısı (sonralar müəyyən dövrlərdə Dərələyəz) adlanan
    kən­din əsasını qoymuşdular.

    Keçən
    əsrin 30-cu illərində əsasən Laçın və Kəlbəcərdən gəlmiş soydaş­larımız, Xocalı
    çayının sağ sahilində, Qaçqınlar Xocalısı və Yerli Xocalı kəndinin yuxarı
    tərəfində Qaladərəsi Xocalısı adlanan kəndi salmışlar.

    Beləliklə,
    Sovet hakimiyyəti dövründə Xocalı kəndi, Xocalı çayının sağ və sol, Qarqar
    çayının sol sahilində yerləşən üç para kənddən ibarət olmuş, bu kəndlərin üçü də (Yerli Xocalı – Qədim
    Xocalı, Qaçqınlar Xocalısı – Dərələyəz və Qaladərəsi Xocalısı) Xo­ca­lı kəndi adlandırılmışdır. Bu üç kənd bir sovetlikdə – Xocalı sovetliyində birləşirdi.

    XX əsrin 30-cu illərində Xocalıda da kolxoz təsərrüfatı yaran­mış,
    Xocalı bəylərinin var-dövləti, mal-qarası, torpaq sahə­ləri kol­xozun ixtiyarına verilmişdir. Kollektivləşmə dövründə (1930-cu il­lər) Xocalı bəylərinin
    onlarla nəsilləri (dövləti-varı olanı da, olmayanı da) “kulak” adı ilə
    repressiya qurbanı olmuş, güllələnmiş, ya da ömürlük Sibirə sürgün edilmişlər.
    Bu qurbanlardan biri də XX əsrin əvvəlində Xocalının – Qarabağın ən məşhur
    bəylərindən biri Səfiyar bəyin oğlu Abdulla bəy olmuşdur. Abdulla bəy ziyalı,
    təhsilli bəylərdən olub, əvvəlcə Qori Seminariyasını, sonra isə Peterburqda
    gimnaziyanı bitir­mişdir. Bununla yanaşı Usub bəy, Allahverdi bəy, Şükür bəy, Tapdıq bəy, Zülfüqar bəy kimi bəylərlə yanaşı, var-dövləti olma­yan
    qeyrətli Vətən övladları – Şahbaz oğlu Abdulla, Qam­boy və başqaları da repressiya qurbanları olmuşlar. Onu da qeyd edək
    ki, Xocalıda yaradılan və sonralar “Şəfəq“ adlanan kolxoz 1950-60-cı illərdə
    Respublikamızdakı ən varlı kolxozlardan biri ol­muşdur. Kolxozda mal-qara
    saxlamaqla yanaşı, tütünçülük və bostançılıqla məşğul olmuşlar.

    1964-cü
    ilin sentyabrında Xocalıda kolxoz təsərrüfatı ləğv edil­miş, əvəzində “Xocalı
    üzümçülük-tərəvəzçilik sovxozu” yaradılmış, 1986-cı ildə isə üzüm bağları ləğv
    edilərək, “Xocalı tərəvəzçilik-südçülük sovxozu” yaradılmışdır.

    1923-cü
    ildə mərkəzi Xankəndi (Ermənilərin Stepanakert ad­landırdıqları ərazi) olmaqla
    DQMV adlanan inzibati qurum yara­dıldıqdan sonra, Xocalı 1978-ci ilə qədər Xan­kəndi
    rayo­nunun, 1978-ci ildən 1991-ci ilə qədər isə Xocalı kəndi Əsgəran rayonunun
    tərkibinə qatılmışdır.

    1990-cı
    ilin aprelində Xocalı, Azərbaycan hökumətinin qərarı ilə (rayon tərkibində)
    şəhər statusu almış, həmin dövrdə Xocalıda aqrar
    sənaye birliyi və Rayon Təhsil Şöbəsi yara­dılmışdır. DQMV
    ərazisində azərbaycanlılar yaşayan bütün kəndlərin kolxoz, sovxoz və təhsil
    müəssisələri bu təşkilatlara tabe edilmişdir. Bundan sonra, Xocalıda
    quruculuq-abadlıq, şə­hər­salma işləri aparıl­mışdır. 1990-cı illərin
    əvvəllərində Qara­bağda milli münaqişə son həddə çatdıqdan sonra 1991-ci il
    noyabrın 26-da Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağın Muxtar
    Vilayət statusu ləğv edilmiş, Xocalıya rayon statusu verilmiş və keçmiş Əsgəran
    rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilmişdir.

    Məlum
    “Xocalı faciəsi”ndən sonra Xocalı Rayon İcra Hakimiy­yəti tabeli­yində 1 şəhər
    – Xocalı, 1 qəsəbə – Kər­kicahan, 3 kənd – Kosalar, Meşəli, və Cəmil­li İcra
    Nümayən­dəlikləri məcburi köçkün­lük şəraitində fəaliyyət göstərir.

    Hazırda
    Xocalı rayonunun əhalisi Respublikamızın 54 rayo­nun­da məskun­laşmışdır. Xocalı rayonunun
    əsas idarə, müəs­sisə və təşkilatları rayon əhalisinin kompakt şəkildə məs­kunlaşdırıldığı
    Go­ran­boy rayonu Aşağı Ağcakənd (2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə salın­mışdır)
    qəsəbəsində və xocalılar üçün həmin qəsəbə ərazisində yeni salınmış (2009-cu
    ildə “İnkişaf proqram”ına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
    İlham Əliyevin sərən­camına əsasən) Börü, Meşəli və Yuxan Ağ­cakənd
    qəsəbələrində fəaliyyət göstərirlər.

    Xocalı
    rayon əhalisinin respublikamızın müxtəlif bölgə­lərində kompakt şəkildə
    məskunlaşdığı yerlərdə 12 tam orta və 1 ibtidai məktəb, 1 Uşaq Yaradıcılıq
    Mərkəzi, 2 məktəbəqədər tərbiyə müəs­si­səsi (körpələr evi və uşaq bağçası), 3
    mədəniyyət evi, 3 musiqi məktəbi, 1 tarix diyarşünaslıq muzeyi, 29 kitab­xana,
    17 klub, Xocalı Rayon Mərkəzi Xəstəxanası və Polik­linikası, 4 həkim ambu­la­toriyası,
    9 feldşer-mama məntəqəsi və digər təhsil,
    mədəniyyət, sə­hiy­yə ocaqları fəaliyyət göstərir.

    Onu da qeyd edək ki, Pənahəli xan tərəfindən
    Şuşa qalası tikilərək Qarabağ xanlığının əsası qoyularkən xanlığın idarə olun­ması,
    qorunub-saxlanılması və digər işlərin icra olun­masında Şuşaya aparılmış
    Xocalının Cavanşirlər nəsli yaxından iştirak etmişdir. Belə ki, Pənahəli xanın
    dövründə xan tərəfindən Qalanın qalabəyisi təyin olunmuş Mirzə Məhəmmədxan bəy
    Cavanşir, Pənahəli xanın oğlu İbrahimxəlil xanın dövründə isə əvvəlcə onun
    xanımının yanında mirzəlik etmiş, sonra dəftərxana müdiri olmuş, daha sonra xan
    tərə­findən xanlığın vəzir-katibi təyin edilmiş Məhəmmədxan bəyin oğlu Mirzə
    Camal Cavanşir, Cavanşir qəzasının Xocalı kəndin­dəndir. Mirzə Camal Cavanşir
    ilk Qarabağnamənin, fars dilində yazılmış “Tarixi Qarabağ” əsərinin müəllifidir.
    Bu sülalənin sonrakı davam­çıları Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirov,
    Həsənqulu Rzaqulu oğlu, Qulu Həsənqulu oğlu, Usub bəy Qulu oğlu Cavanşir də
    əslən Xocalıdan olub, Məhəmmədxan bəyin bu günümüzə kimi davam edən nəsillərindəndir. Bunlardan başqa, Ağaməhəmməd şah Qacarın Qarabağa hücumu zamanı onun
    yüz minlik qoşununun qarşısını Xocalının Əsgəran Qalası yanında kəsən, Qacar
    ordusuna qarşı Xocalı düzündə mərdliklə vuruşan, Qarabağ xanlığı qoşununun
    başçısı “Batman qılınc” ləqəbli Məhəmməd Cahan pəhləvan da əslən Xocalıdandır. Qədim Qışlaq kəndinin XIX əsrdəki, Yerli Xocalının XX əsrin əvvəl­lərindəki
    əhalisinin əsas hissəsini üç qardaşın – Hacı Zeynal ağanın,
    Kərbəlayı Abışın və
    Kərbəlayı Feyzinin törəməsi təş­kil edir.

    Görkəmli
    Azərbaycan ədibi Ə.Haqverdiyevin “Xortdanın cə­hən­nəm mək­tub­ları” əsərində
    Hacı Zeynal ağa, dövrünün gör­kəmli şəxsiyyəti və Xocalılarının ən varlı
    adamlarından biri kimi təsvir olunur. Xocalının yaxşı tanıdığı “Kərbəlayı
    Abış qayası”
    (Kərbəlayı Abışın adını daşıyan) nəhəng abidə kimi İlis çayının sağ sahilində
    yerli Xocalı və ermənilərin məskunlaşdığı Nora­guğ kəndi arasında yerləşir.

    Qışlaqda
    və Yerli Xocalıda – xələflilər, anaxanımlılar, kəngər­lilər, cırdaxan­lılar,
    Qaçqınlar Xocalısında – dərələyəz­lilər, çullular, zarıslılar, demokratlar
    Qaladərəsi Xocalısında – laçınlılar, kəlbə­cərlilər, məhsətilər tayfaları olub
    və bu gün də həmin tayfaların davam­çıları müxtəlif bölgələrimizdə məskun­laşıb
    yaşayırlar.

    Xocalı ərazisində Oarqar çayı, Xocalı çayı, İlis
    çayı, Qırx­qız dağı, Boz dağ, Qarağac bulağı, Əhməd bulağı, Əfrus
    bulağı, Azad bulağı, Əyyub bulağı, Rəhim bulağı, Rus bulağı, Nəriman bulağı,
    Müseyib bulağı, Ataş bulağı, Söyüd bulağı, Pirəməki və Kətik me­şələri, Əsgəran
    qalası, Cahan nənənin ocağı, Seyid Cəlal ağanın qəbri,
    Çökək məhəllə, Çay məhəllə, Çınqıl məhəl­lə, Kəngərlilər mə­həlləsi, Yuxarı
    məhəllə, İlis məhəllə, Qan çanağı məhəlləsi, Zarıslılar məhəlləsi, Fərəcanlı
    məhəlləsi, Çullular məhəlləsi, Çınqıl məhəllə, Türklər məhəlləsi, Kürdlər
    məhəlləsi, Orta məhəllə, Yeni məhəllə var idi.

    Dünyanın müxtəlif bölgələrinə
    səpələnmiş ermənilərin Azər­bay­cana köçürül­məsi ilə burada yaşayan xalqların
    çətin və məşəq­qətli günləri başlamışdır. Azər­baycanın qədim İrəvan xanlığında
    Erməni vilayəti yaradıb, sonralar tarixi torpaq­larımızı müxtəlif yollar və
    vasitələrə həmin qondarma quruma birləşdirib Ermə­nistan adlı “dövlət” yaradan
    ermənilər və havadarları təəssüflər olsun ki, bu­nunla kifayətlənmədilər. Bütün
    XX yüzillik ərzində Azərbaycanın tükənməz və təbii yeraltı və yerüstü təbii
    sərvətlərə malik Qarabağ bölgəsinə əsassız ərazi iddiası edən Ermənistan 80-ci
    illərin son­larında ölkəmizə qarşı açıq tətil, nümayiş və ən nəhayət
    irimiqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycanda yaranmış dərin siyasi böh­randan
    mə­harətlə istifadə edən arxalı düşmən xalqımızın başına tarixdə misli-bərabəri
    olmayan müsibətlər gətirdilər. Bu dövrdə erməni terroru miqyaslı xarakter aldı.
    Türk qanına susayan erməni kafirləri elan olunmamış “Qarabağ savaşı”nda
    ağsaqqal qoca­lara, qadınlara, südəmər körpələrə də aman vermədi. Erməni
    vandalları tarixdə analoqu olmayan faciələr törətdilər. Belə faciələrdən biri
    də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni cəlladları
    tərəfindən törədilən Xocalı qırğını idi. Xocalı soyqırımını erməni quldurları
    Rusiyanın 366-cı atıcı alayının köməyi ilə törətmişdilər. Ermənilərin Xocalını
    əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi. Düşmən xocalını işğal etməklə bir sıra
    məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ
    keçirmək üçün streteji üstünlük qazanmaq; Regionda yeganə mülki hava limanına
    malik olan mühüm kommunikasiya mərkəzini ələ keçir­mək; Xocalıda törədilən
    soyqırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini
    qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi
    iddialarını puça çıxardığı üçün bu şəhəri yer üzündən silmək.

    Beləliklə, XX yüzilliyin
    sonlarında erməni faşistləri tərə­findən azərbay­can­lılara qarşı, Xatın və
    Sonqımi faşistlərini geridə qoyan Xocalı soyqırımı törədildi. Xocalı müsibəti
    ermə­nilərin Azərbaycan xalqına qarşı törətdiyi geno­siddir - soyqırımdır.
    Vəhşiləşmiş erməni cəlladlarının məqsədi şəhərin bütün əhalisini məhv etmək
    idi. Ancaq sırf təsadüflər nəticə­sində xeyli Xocalı sakini tarixə şahidlik
    etmək üçün sağ qaldı.

    Ermənilərin Azərbaycan xalqına
    qarşı törətdikləri genosid – Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən
    106 qadın, 83 azyaşlı uşaq, 70 qoca, 76 nəfər yetkinlik yaşına çatmayan oğlan
    və qız öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası
    alaraq şikəst oldu. Həmin dəhşətli gecədə 1275 nəfər əsir götürüldü, hansı ki,
    həmin əsirlərin 150 nəfərinin taleyi bu gün də, məlum deyil [6, 152].

    Erməni quldur dəstələrinin
    xüsusi qəddarlıqla törətdikləri bu hərbi cinayət nəticəsində 8 ailə tamamilə
    məhv edilmiş 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən
    birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla
    diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri
    çıxarılmış, dişləri və dırnaqları çəkil­miş, hamilə qadınların qarnı de­şik-deşik
    edilmişdir [13, 42]. Bütün bu qeyri-insani əməllər XX əsrin sonlarında dün­yanın
    gözü qarşısında özlərini “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan vəhşi
    ermənilər tərəfindən törədilmişdir.

    Çox təəssüflər olsun ki,
    Ermənistanın Azərbaycana qarşı əsassız ərazi id­diaları və etnik təmizləmə
    siyasəti Xocalı soyqırımı ilə başa çatmadı. Ermənilər xarici havadarlarının
    köməyi və fitvası ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir
    milyondan artıq azərbaycanlını öz tarixi dədə-baba yurdlarından didərgin
    saldılar.

    Xocalıda azərbaycanlılara
    qarşı törədilmiş bu amansız və kütləvi qırğına, tarixi cinayətə ilk hüquqi
    siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir.
    Prezident Heydər Əliyev 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının
    xatirə­sinə sükut dəqiqəsi elan edilməsi haqqında fərman” imzala­mışdır. Həmin
    Fərmanda göstərilir: “1992-ci il fevral ayının 26-da Ermə­nistan silahlı
    qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soy­qırımını
    törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsb­kar­larının
    Azərbaycan dövlət müstəqilliyini, ərazi bü­tövlüyünü hədəf almış məqsədyönlü
    irticaçı siyasətinin növbəti qanlı səhi­fəsi olmaqla, təkcə Azərbaycan xalqına
    deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi
    qalacaq­dır.

    Xocalı soyqırımı qurbanlarının
    xatirəsini yad etmək məqsədilə qərara alıram:

    Hər il fevral ayının 26-sı
    saat 1700-da Azərbaycan Respub­lika­sının ərazisində Xocalı
    soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan
    edilsin”... “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir.
    Xoca­lıda misli görün­mə­miş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer
    kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı
    soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli dünya ictimaiy­yətinə
    çatdırılmalı və humanizm ideal­larına sədaqət nümayiş etdirən bütün insanların
    bu faciəyə öz qəti, birmənalı mövqelərini bildir­mələri üçün ciddi və məqsəd­yönlü
    iş aparılmalıdır”.

    Xocalı şəhəri işğal edildikdən sonra Ermənistan Silahlı birləş­mələrinin
    əsarəti altında qalan, qarət edilən, yandırılan tarixi abidələr və
    maddi-mədəniyyət nü­mu­nə­ləri aşağıdakılardır: Daş qutu nekro­polu – tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı); Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda); Xoca­lı kurqanları – ilk tunc və dəmir dövrü (Xocalı rayonu); Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazi­sin­də); Kurqan – dəmir dövrü (Xan­kəndi
    yaxın­lığında); Xankəndi kur­qanları – tunc dövrü (Xan­kəndi­dən şimalda); Xaçınçay kur­qanları – ilk tunc və orta tunc dövrü (Seyidli kəndindən şimal-şərq­də); Küp qəbirləri nekropolu – tunc dövrü (Armudlu kən­dindən
    2 km. İlis kəndinə tərəf); Kurqan – tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); Daş qutu nek­ropolu – dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxın­lığında); Köhnə qəbiristanlıq – tunc dövrü (çanaqçı kəndi); Daş qulu
    nekropolu – dəmir dövrü (Saruşen
    kəndi); Daş qulu nek­ropolu dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində);
    Dairəvi məbəd – 1356-1357-ci il
    (Xocalı şəhəri); Türbə – XIV əsr
    (Xo­ca­lı şəhəri); Alban məbədi –
    1100-ci il (Çanaxçı kəndi); Alban mə­bədi – 1065-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1905-ci il (Şuşa kəndi); Alban məbədi – 1122-ci il (Xansıx kəndi); Alban məbədi – 1100-ci il (Xaçmaz kən­di); Alban məbə­di – 1202-ci il (Armudlu kəndi); Qala – X əsr (Maş­x­maat kən­di); Qırxlar qalası – orta əsrlər (Badara kəndi); Məbəd kom­pleksi
    – VII əsr (Badara kəndi) [29]. Hazırda işğal zonasında ge­niş miqyasda qanunsuz arxeoloji qazıntı
    işləri aparılır və tapıntılar Ermənistana daşınır.

    Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları uyğun
    olaraq 32 min kub m. və 2039 min kub m. olan və istismara cəlb olunan Zərinabağ
    və Ağçay üzlük daşı yataqları, ehtiyatları 12434 min ton olan və istismara cəlb
    olunan, qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min
    kub m. Eh­tiyatlara malik, kərpic istehsalına yararlı Xocalı gil yatağı, eh­tiyatları
    7280 min kub m. olan Xankəndi qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları
    9 min kub m. gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Xocalı rayonu
    ərazisində, Ba­dara çayı hövzəsində “yeddi kilsə” adlanan yerdə Xankəndi meşə
    təsərrüfatının tabeliyində olan Pirkal meşə­çiliyində fıstıq-palıd meşələri
    xüsusi olaraq qorunurdu [29].

    Xocalı
    rayonunun Seyidbəyli kəndinin şimal-şərqində Xa­çın­çayda tapılmış kurqan Erkən
    Tunc dövrünə aid olub, 1-2,5 m
    hün­dür­lüyündə və 10-20 m
    dia­metrində olması ilə diqqəti cəlb edirdi. Bu kurqan düzbucaqlı və trapes
    formalı mü­dafiə mər­kəzindən ibarət idi. Bu gün həmin, maddi-mədəniyyət
    nümunəsi də erməni vandaliz­minin qurbanı olmuşdur.

    Hazırda ermənilər işğal
    altındakı Xocalı ərazisində təbiətə vəh­şicəsinə ziyan vururlar. Meşələrdəki
    qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermənistana daşınır.
    Torpaqlarımızda gizli şəkildə nar­kotik maddələr əkilib becərilir, terrorçu
    dəstələr hazırlanır.

    Xeyli vaxtdır ki, Qarabağ
    torpaqlarının düşmən tapda­ğından azad edilməsi üçün danışıqlar aparılır. Bu
    danışıqlarda iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər.
    Azər­baycan dövləti torpaqlarımızda yenidən müharibə başlama­sını, qan
    tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda
    Azər­baycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Azər­bay­can
    dövləti heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür, eyni zamanda öz
    torpaqlarımızın bir qarı­şının da düşmən tapdağında qalmasına imkan verməyəcək.

    Azərbaycan Respublikasının
    Prezidenti çıxışlarından birin­də açıq şəkildə bəyan etmişdir: “...Azərbaycan
    heç vaxt Dağlıq Qara­bağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olur­sa-olsun,
    doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcəyik... Dağlıq
    Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində
    köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpa­ğında erməni dövləti yaradılıb,
    burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik”.

     “Müqəddəs yurd: Xocalı” adlı kitabdan 





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib58 dəfə
    XOCALI RAYONUNUN İQTİSADİ MƏDƏNİ İNKİŞAFI TƏBİİ COĞRAFİ MÖVQEYİNİN QISA İCMALI

    Maraqlı gələ bilər
    87
    125
    31
    120